Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

0
22

Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir.

Bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir.