Böyük Britaniyanın baş nazirliyinə namizəd, ölkənin xarici işlər naziri Liz Trass bu posta seçiləcəyi təqdirdə Ukraynanın ən böyük dostu olacağını və dərhal Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vuracağını bildirib.
Teleqraf.com-a istinadən xəbər verir ki, baş nazir postuna namizəd olan xanım Trass müttəfiqlərlə birlikdə Ukraynaya daha çox silah və humanitar yardım göstərəcəyini də vurğulayıb:
“Baş nazir kimi Ukraynanın ən böyük dostu olacağam, Boris Consonun yolu ilə gedəcəyəm və Putinin Ukraynada uğursuzluğa düçar olacağına və strateji məğlubiyyətə uğrayacağına, Rusiyanın gələcəkdə məhdudlaşacağına tam zəmanət verəcəyəm”.
Liz Trass hesab edir ki, indi qorxunc diktatora güzəşt və kompromislər haqqında danışmaq vaxtı deyil: “Mən Britaniya xalqının Ukrayna ilə bağlı və azadlığımızı üçün hər an etibar edə biləcəyi namizədəm”.
Qeyd edək ki, xanım Elizabet Trass baş nazirlik uğrunda keçmiş maliyyə naziri Rişi Sunakla mübarizə aparır.