Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından bir il ötür.
Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan sənəd bu il fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edilib. Bəyannamə iki dövlət arasında gələcək strateji hədəfləri müəyyənləşdirən yol xəritəsi kimi də xarakterizə olunur. Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan belə bir sənədin Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı idi. Bu təqdimat həm də dünyaya Azərbaycanla Türkiyənin birliyinin sarsılmaz və əbədi olduğunu göstərdi. Bəyənnamə Azərbaycanla Türkiyəni dünya miqyasında daha güclü mərkəzə, regionda söz sahibinə çevirib. Belə ki, regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən sənəd bölgənin uzunmüddətli inkişaf konsepsiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır.