Rəsmi Moskvaya qarşı sanksiyalar genişləndirilir

0
28

Avropa İttifaqı ölkələri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammit keçiriblər. Zirvə görüşündə Rusiyaya qarşı yeni sanksiyalar razılaşdırılıb. ABŞ və Kanada da Donbassda həyata keçirilən xüsusi əməliyyatla əlaqədar rəsmi Moskvaya qarşı sanksiyaları genişləndirib.

Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları Rusiyaya qarşı ikinci genişmiqyaslı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Görüşün yekunlarına dair qəbul olunan bəyanatda deyilir ki, sanksiyalar maliyyə, enerji, nəqliyyat sektorlarını, eləcə də ixrac nəzarəti, ixrac maliyyələşməsi və viza siyasətini əhatə edir. Avropa İttifaqı liderlərinin sözlərinə görə, yeni məhdudiyyət tədbirlərinin ciddi fəsadları olacaq. Sanksiyalar müvafiq hüquqi sənədlər hazırlanandan, üzv ölkələrin səfirləri tərəfindən rəsmi şəkildə təsdiqlənəndən və Avropa İttifaqının rəsmi məcmuəsində dərc olunandan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa İttifaqı birinci sanksiyalar paketini Donetsk və Luqaskın müstəqillikləri Rusiya tərəfindən tanınandan sonra qəbul etmişdi.

ABŞ da Rusiyanın Donbassda həyata keçirdiyi xüsusi əməliyyatla əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edir. Prezident Co Baydenin yeni sanksiyalar paketi, əsasən, bankların fəaliyyətinin və yüksək texnologiyaların ixracının məhdudlaşdırılmasını nəzərdə tutur. Birləşmiş Ştatlar Prezidenti Ukraynaya qoşun göndərilməsi məsələsinə də toxunub. Dövlət başçısı belə niyyətlərinin olmadığını bildirib: “Bizim qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişədə iştirak etmir və etməyəcək. Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO üzrə müttəfiqlərimizi müdafiə etmək və şərqdə NATO-nun müttəfiqlərini dəstəkləmək üçün gedirlər.”

Kanada da Rusiyaya qarşı sanksiyaları genişləndirib. Baş nazir Castin Trüdo yeni tədbirlərin 58 fiziki və hüquqi şəxsə şamil ediləcəyini bəyan edib. Bundan əlavə, Kanada Rusiya üçün ixrac icazələrini də ləğv edir.

Fərda Abasova