Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 30 il ötür.
30 il əvvəl kəndin dinc sakinlərinə qarşı əsl soyqırımı həyata keçirilib. 1992-ci il fevralın 14-də Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə hər tərəfdən əlaqəsi kəsilən Qaradağlı kəndinə hücum ediblər. Ağır döyüşlər iki gün davam edib, fevralın 17-də kənd işğal olunub. Ermənistan silahlı qüvvələri kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 nəfər sakini əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı insanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsirlərdən 68 nəfəri öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Qaradağlı soyqırımı haqqında bir neçə sənədli film çəkilib və müxtəlif dillərə tərcümə olunub. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.


























