Əgər Vladimir Putin Ukraynada nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ və müttəfiqləri Rusiyanın bu ölkədəki qüvvə və texnikasını məhv edəcək və Rusiyanın Qara dəniz donanmasını batıracaq. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və dörd ulduzlu amerikalı general Devid Petreus ABC News-a deyib.
– Biz Ukraynadakı döyüş meydanında və Krım yarımadasında müəyyən edə biləcəyimiz bütün Rusiya qüvvələrini, eləcə də Qara dənizdəki hər bir döyüş gəmisini sıradan çıxaran kollektiv NATO səylərinə rəhbərlik etməklə cavab verərdik.
Bununla belə, Petreus əlavə edir ki, o, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla bu məsələni müzakirə etməyib.