Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına sərgilər haqqında məlumat verdilər.
İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib.
Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.
“ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır.
Bildirildi ki, bu il yubiley sərgisində daha çox – dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.
Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.
Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.


























