NATO baş katibi Rusiyanın Ukraynaya “ehtiyatsız və əsassız hücumunu” pisləyib

0
28

Yens Stoltenberq: “Rusiyanı hərbi əməliyyatlarını dərhal dayandırmağa və Ukraynanın suverenliyinə hörmət etməyə çağırıram”
Servet Günerigök |
24.02.2022
VAŞİNQTON

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Rusiyanın “Ukraynaya ehtiyatsız və əsassız hücumunu” qətiyyətlə pisləyib və bunun saysız-hesabsız mülki insanların həyatını riskə atdığını deyib.

“Bir daha, bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara və diplomatiya ilə məşğul olmaq üçün yorulmaz səylərə baxmayaraq, Rusiya suveren və müstəqil ölkəyə qarşı təcavüz yolunu seçdi”, – Stoltenberq bəyanatında bildirib.

Onun açıqlamaları Rusiya prezidenti Vladimir Putinin cümə axşamı səhəri Ukraynanın şərqindəki Donbas bölgəsində xüsusi hərbi əməliyyat elan etməsindən bir qədər sonraya təsadüf edib. Putinin açıqlamasından sonra Ukraynanın paytaxtı Kiyev və Kramatorsk şəhərində güclü partlayışlar baş verib.

“Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdiddir. Mən Rusiyanı hərbi əməliyyatlarını dərhal dayandırmağa və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıram”, – NATO rəhbəri deyib.

“NATO müttəfiqləri Rusiyanın təcavüzkar hərəkətlərinin nəticələrini aradan qaldırmaq üçün bir araya gələcək. Biz bu dəhşətli zamanda Ukrayna xalqının yanındayıq. NATO bütün müttəfiqləri qorumaq və müdafiə etmək üçün əlindən gələni edəcək”, – o əlavə edib.