Honq Konq qəzeti: Pekin üç ada ilə bağlı mövqeyini dəyişməyəcək
Written by Mir on June 5, 2024
Honq-Konqda nəşr olunan ingilisdilli “South China Morning Post” analitik hesabatında yazıb ki, Pekin Tehranın təzyiqlərinə baxmayaraq, üç ada ilə bağlı mövqeyini dəyişməyəcək.
Bölgənin məşhur və köhnə medialarından biri olan bu qəzetə görə, Çinin bu məsələyə yanaşması son nəticədə Pekin və Tehran münasibətlərinə dağıdıcı təsir göstərməyəcək.
Fars körfəzindəki Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının suverenliyini iddia edən Birləşmiş Ərəb Əmirlikləri, son onilliklərdə məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmasını istəyib.
İran isə adalar üzərində suverenlik məsələsinin 1971-ci ildə qəti və daimi qərara alındığına işarə edərək, bu tələbi rədd etmiş və yalnız “anlaşılmazlıqları aradan qaldırmaq üçün” danışıqlara hazır olduğunu bəyan etmişdir.
Ötən həftə BƏƏ ilə birgə bəyanatla çıxış edən Çin, ölkənin Kiçik Tunb, Böyük Tunb və Əbu Musanın suverenliyi ilə bağlı “sülh yolu ilə həll” əldə etmək səylərini dəstəklədi.
İyunun 2-də İslam Respublikasının Xarici İşlər Nazirliyi Pekinin Birləşmiş Ərəb Əmirliklərinin “əsassız iddialarını” “dəfələrlə dəstəkləməsinə” etiraz olaraq Çinin Tehrandakı səfirini çağırıb.