Bişkek, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirildi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşünün işinə uğurlar arzuladı. S.Japarov çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək dedi: “Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirdi. Kasım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı.