ABŞ administrasiyası Çinlə ticarət qarşıdurmasının kəskinləşməsi fonunda bu ölkədən idxala 245 % rüsum tətbiq edə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu müzakirələr fonunda bütün ölkələr üçün fərdi tariflərin tətbiqi cavab tədbirləri görən Çin istisna olmaqla dayandırılıb. Çinin cavab tədbirləri görməsi nəticəsində ölkədən ABŞ-yə idxala 245 %-ə qədər rüsum tətbiq edilməsi təhlükəsi yaranıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, aprel ayının əvvəlində Prezident Donald Tramp bütün ölkələrə qarşı 10 % həcmində rüsum və ABŞ-nin ən böyük ticarət kəsirinə malik olduğu dövlətlər üçün fərdi tariflər tətbiq edib. Prezident bu addımla “oyunun şərtlərini bərabərləşdirmək və ABŞ-nin milli təhlükəsizliyini təmin etmək” istəyib. Ağ Evin iddiasına görə, artıq 75-dən çox ölkə vəziyyəti tənzimləmək və yeni ticarət sazişləri bağlamaq məqsədilə Vaşinqtonla danışıqlara başlayıb.